Məhəmməd Əmin Rəsulzadə - Azadlıq və müstəqillik aşiqi

2014-01-25 02:36:00
Məhəmməd Əmin Rəsulzadə - Azadlıq və müstəqillik aşiqi |  görsel 1
O, XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi tarixində özünəməxsus şərəfli bir iz buraxmış, 100 ildən artıq sürən rus işğalına son qoyaraq, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuş və 23 ay ərzində ona uğurla rəhbərlik etmişdi. O, millətini sevirdi, lakin millətçi deyildi. O, vətənin azadlığı uğrunda mübarizə aparan bir azadlıq mücahidi kimi ömrünü bu müqəddəs amala həsr etmişdi. Harada olmasından, yaşamasından asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, onun yenidən azadlığa qovuşması uğrunda mübarizəsini bir an da olsa dayandırmırdı. Bəzən onu tanıyanlar heyrətə düşürdülər ki, bu qədər iradə inam, mübarizə və güc onda haradandır. Əslində o, özünə ilham, güc verən, onu yeni azadlıq mübarizələrinə səsləyən mənəvi və fiziki gücü Azərbaycanın gələcəyinə, onun azadlığına qovuşacağına olan ümidlərindən alırdı. Bu ilham və güc idi müstəqilliyimizi əldə etdiyimiz ilk günlərdə ona dedirdən: “Bir dəfə ucalan bayraq bir daha enməz”.
 
Hətta son nəfəsində belə Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına olan ümidlərini itirməyərək üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan”,-demiş və bu həsrətlə, bu arzu ilə də haqq dünyasına qovuşmuşdu. Necə deyərlər, onun Azərbaycan türklərinin azadlığı uğrunda apardığı mübarizə, siyasi uzaqgörənliklə Azərbaycanın xilas yolunu qardaş Türkiyə ilə ittifaqda görməsi və bununla bağlı nəinki Türkiyə, həm də türk xalqları arasında əbədiyyətə qədər davam edəcək qardaşlıq körpüsünün əsaslarını qoyması XX əsr türk dünyasının gələcəyini müəyyən edən müqəddəs bir amala, türk xalqlarının gələcəyinə işıq salan mayaka çevrildi. Bu böyük insan yanvar ayının 31-də 130 yaşı tamam olacaq Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi məşhur dövlət xadimlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə idi.
 
Uşaqlıq və gənclik illəri
 
Məhəmməd Əmin Rəsulzadənin həyat yolu da özünəməxsus olub desək, səhv etmərik. 1881-ci ilin yanvar ayının 31-də Bakının ən qədim kəndlərindən biri hesab edilən Novxanıda dindar bir ailədə anadan olan Məhəmməd Əmin Rəsulzadə uşaqlıq yaşlarından azadlıqsevər, vətənpərvər kimi tərbiyə edilmişdi. Atası dindar olsa da, sivil düşüncə tərzinə malik olan, millətini, xalqını sevən bir şəxs kimi tanınırdı. Hələ kiçik yaşlarından o evlərinə gələn atasının dostları arasında Azərbaycanın kafirlərdən ( rus işğalçılarından) necə xilas olması yolları barədə gedən söz- söhbətin şahidi olmuş və eşitdikləri onda böyük izlər buraxmışdı. O, bu söhbətlərin hamısını maraqla dinləyir və başımıza gətirilən bütün bəlaların kökündə nəyin dayandığını tapmağa çalışırdı. Atası balaca Məhəmmədin yalnız dini deyil, həm də sivil təhsil almasını və onun açıqgözlü, müasir bir gənc kimi yetişməsini arzulayırdı. Bu məqsədlə də Məhəmməd Əmini məşhur pedaqoq, yazıçı və vətənpərvər bir ziyalı olan Sultan Məcid Qənizadənin müdiri olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuşdu. Bu məktəb o vaxt Bakıda olduqca məşhur təhsil ocağı hesab edilirdi. İmkanlı ailələrin əksəriyyəti övladlarını bu məktəbdə oxutmaq istəyirdilər. Qənizadə məktəbdə yeni, Avropa üsulu ilə dərs deyirdi və şagirdlərin açıqfikirli, müstəqil, sivil üşüncə tərzinə malik olan gənclər, əsl vətənpərvərlər kimi yetişməsinə çalışırdı. Qənzadənin müdiri olduğu məktəbdə Məhəmməd Əmin əsl vətənpərvər kimi yetişdi. Hələ bu məktəbdə oxuduğu illərdə o tez -tez Azərbaycanın keçmiş tarixi barədə müəllimlərinə suallar verər və onları bəzən çətin vəziyyətə salardı. Ona görə də, dəfələrlə müəllimləri hər şeyi bilmək istəyən Məhəmməd Əminin aramsız suallarından bezərək, ondan Qənizadəyə şikayət etmişdilər. Qənizadə onu yanına dəvət edəndə nə üçün çağrıldığını bilməyən Məhəmməd ona da keçmişimiz barədə suallar vermiş və bununla məşhur pedaqoqu çaş-baş salmışdı. O balaca Məhəmmədin başını nəvazişlə sığallayaraq: “Hər şeyin vaxtı var, oğlum məndən soruşduqlarının cavabını böyüyəndə özün də biləcəksən”,- demişdi.
 
Məhəmməd Əmin bu məktəbdə sonralar özünün dediyi kimi ilk həyat, vətən dərsini almış və bununla gələcəyinə atılan möhtəşəm bir körpünün əsası qoyulmuşdu.
 
Texniki məktəbdə siyasi cəhətdən yetkinləşdi
 
Bu məktəbdə oxuduğu illərdə o rus dilinə də dərindən yiyələnə bildi və bu, onun dünyagörüşünün daha dolğun formalaşmasında müəyyən rol oynadı. Qeyd edək ki, ötən əsrin 80-90-cı illərində Rusiyada siyasi canlanma hiss olnurdu və ölkədə inqilabi hərəkat get-gedə güclənməkdə idi. Təbii ki, bu işdə də gənclər fəal rol oynayırdılar. Rusiyada güclənən iniqlabi hərəkat imperiyanın əsas neft xəzinəsi hesab edilən Bakıya da təsir etməkdə və gənclər arasında milli azadlıq ideyalarının yayılmasına gətirib çxarmışdı. Bu baxımdan rusca artıq oxumağı bacaran Rəsulzadə Bakıya gəlib çatan az saylı rus qəzetlər ilə də bəzən tanış ola bilirdi. Qənizadənin məktəbində oxuduğu illərdə Azərbaycanın nə üçün belə ağır vəziyyətə düşdüyü barədəki suallarına cavab tapa bilməyən Məhəmməd Əmin buranı bitirərək texniki məktəbə daxil olanda daha da püxtələşmişdi. Texniki məktəbdə oxuduğu illərdə Rəsulzadənin siyasi dünyagörüşündə əsl inqilab baş verdi desək, səhv etmərik. O, burada oxuduğu illərdə Rusiyada gedən siyasi proseslərlə müəyyən qədər tanış ola bildi. Bu da, onun milli dünyagörüşünün formalaşmasında önəmli rol oynadı. Artıq o, xalqının geridə qalmasının səbəblərindən birini tapmışdı. Əsarət altında olması Azərbaycanı milli inkişafdan geri salaraq xəstə bir insana çevirmişdi. Bakıda çıxarılan neftdən əldə edilən gəlirlərin sadə azərbaycanlıların problemlərinin həllinə, onların təhsil almasına, mədəni inkişafına sərf edilməməsi Məhəmməd Əmində çarizmə qarşı nifrət oyatmışdı. Həmin dövrdə Rusiyada gənclər, xüsusən, tələbələr arasında çarizmə qarşı mübarizənin güclənməsi Bakıda da əks-səda verməkdə idi.
 
İlk siyasi qurum
 
Texniki məktəbdə oxuduğu illərdə Rəsulzadə xalqını əsarətdən xilas edə, onun mədəni inkişafına yardım edə biləcək siyasi bir qurumun yaradılmasına ehtiyac duyulduğunu hiss etməyə başlamışdı. Ona görə də texniki məktəbdə oxuduğu illərdə 17 yaşında ikən həyatını xalqının azadlığı uğrunda siyasi mübarizəyə həsr etmək qərarına gəldi. Bu məqsədlə də 1902-ci ildə gizli şəkildə “ Müsəlman Gənclik Təşkilatı”nı quraraq ona rəhbərlik etməyə başladı. Yeni qurum Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yaradılan ilk siyasi təşkilatlardan biri idi. Təşkilatın əsas məqsədi gənclər arasında milli, mədəni dəyərlərin təbliği və bunun əsasında onları çarizmə, əsarətə qarşı mübarizəyə hazırlamaq idi. Həqiqətən də, qısa müddətdə bu təşkilat tələbələr və gənclər arasında böyük maarifləndirmə işləri apararaq onların siyasi mübarizələrə hazırlanmasında önəmli rol oynadı. Olduqca gizli şəkildə fəaliyyət göstərən “Müsəlman Gənclik Təşkilatı” tələbələrin arasında geniş şöhrət tapmışdı. Rəsulzadə bacarıqla bu qurumu idarə edir, gənclər arasında siyasi təbliğatı uğurla həyata keçirirdi. Çar xəfiyyələri haradansa gizli qurumun fəaliyyətindən xəbər tutmuşdular, lakin onun kim tərəfindən idarə edildiyini müəyyən edə bilmirdilər. Bir sözlə “Müsəlman Gənclik Təşkilatı” Məhəmməd Əmin Rəsulzadənin təşkilatçılıq bacarığının üzə çıxarılmasında önəml rol oynadı. Bu təşkilat həm də Məhəmməd Əminin siyasi baxımdan daha da yetkinləşməsi baxımından əsl həyat məktəbi rolunu oynadı. Amma Rəsulzadə çarizmə qarşı mübarizədə öz ətrafına daha çox insanları cəlb etmək istəyirdi. Ona görə də, təşkilatın fəaliyyətini genişləndirmək qərarına gələrək, “Müsəlman Gənclik Təşkilatı” əsasında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” ni qurdu. Gizli şəkildə fəaliyyət göstərən bu qurum tezliklə ətrafına yüzlərlə adam toplaya və aydan-aya fəaliyyətini genişləndirməyə başladı. Təşkilat nəinki Azərbaycanda, həmçinin İranda da fəaliyyətini genişləndirməyə başlamışdı. Bu məqsədlə də “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da İranda qurulmuşdu. Bir sözlə milli zəmində çarizmə qarşı siyasi mübarizənin əsası Azərbaycanda ilk dəfə Rəsulzadə tərəfindən qoyuldu. Təsadüfi deyil ki, Rəsulzadənin rəhbərlik etdiyi təşkilat iki il ərzində Azərbaycandakı əksər milli vətənpərvər qüvvələri öz ərafında toplaya və onları azadlıq uğrunda mübarizəyə istiqamətləndirə bildi. Qurum Rusiyadakı inqilab yönlü siyasi təşkilatlarla, o cümlədən Rusiya Sosial Demokrat Fəhlər Partiyası (RSDFP) ilə sıx əlaqələr qurmuşdu. Nəticədə 1904-cü ilin axırlarında RSDFP-nin Bakı komitəsi tərəfindən “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradıldı. Bu təşkilatın fəaliyyəti daha geniş və hərtərəfli idi. 1905-ci ildə Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı”na üzv oldular. Siyasi mübarizəni daha da genişləndirmək və əhali arasında çarizmə qarşı təbliğatı gücləndirmək məqsədilə 1904-1905-ci illər təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilib (cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri Rəsulzadə idi. 1906-cı ildə “Hümmət” qəzeti çarizmin təzyiqlərinə tab gətirməyərək fəaliyyətini dayandırmağa məcbur oldu. Onun əsasında isə “Təkamül” qəzeti nəşr edilməyə başladı.
 
Həmin dövrdə Rusiyanın iri şəhərlərində siyasi mübarizələrinə görə təqib olunanların bir hissəsi həbs və sürgünlərdən xilas olmaq üçün Bakıya axışırdı. Bu da tezliklə Bakının çarizmə qarşı qızğın siyasi mübarizələr meydanına çevrilməsinə gətirib çıxardı.
 
Qeyd edək ki, gizli siyasi fəaliyyəti ilə paralel olaraq Rəsulzadə həmin dövrdə Bakıda nəşr olunan müxtəlif qəzetlərdə, o cümlədən “Şərqi Rus” qəzetində ədəbi məqalələrlə də çıxış edirdi.
 
"Zaman Azərbaycan"

10
0
0
Yorum Yaz