Adil İrşadoğlu Əliyev 36 Takipçi | 98 Takip

...BU YARADA QAN OLSAYDIM, OLSAYDIM, TÖKÜLÜB SİYAH OLSAYDIM, OLS

2013-06-16 15:11:00
...BU YARADA QAN OLSAYDIM, OLSAYDIM, TÖKÜLÜB SİYAH OLSAYDIM, OLS |  görsel 1

OZÜM HAQQINDA

( Bizim yaralı yerimiz  - QARABAĞ !

Mən də onun yolunda canımı - Lalə rəngli qanımı qurban verib bu torpağa qovuşmaq istəyirəm ).
 
Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.
 
Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir.
Ağdamın "Fəxri Xiyaban"ında dəfn edilmişdir.
 
Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər rus orta məktəbində riyaziyyat müəlliməsi işləmişdir. 
 
1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.
 
1960 - cı il təvəllüdlü qardaşım, Oqtay İrşad oğlu Əliyev Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 - cı ilin fevral ayında iş başında vəfat etmişdir.
 
Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.
 
1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar. 
2. Vaxtilə xarici ticarətlə məşğul olan, 5 dildə danışmağı bacaran atamın atası Məhəmməd bəy (Zinger Məhəmməd ) sonradan Ağdam torpaq şöbəsinin müdiri işləmişdir.
3. Anamın atası Rüstəm Rüstəmzadə 1941-1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 2-ci katibi olmuşdur.
4. Anamın ən yaxın qohumu, Ağdamın Xıdırlı kəndinin nümayəndəsi Məhəmməd Əliyev Ağdam rayon Partiya Komitəsinin uzun müddət 1-ci katibi işləmişdir.
5. Atam, İrşad Məhəmməd oğlu Əliyev də Ağdam rayon Partiya Komitəsində çalışmışdır. Sonradan Ağdam rayon polis idarəsi rəisinin müavini təyin edilmişdir.
6. Atamın dayısı oğlu Fikrət Ağalar oğlu Mehdiyev Sarıhacılı, Seyidli, Əhmədavar, Xıdırlı kəndləri üzrə sovetliyin sədri olmuşdur.
7. Əmim İslam Məhəmməd oğlu Əliyev Ağdam rayon təhsil idarəsinin müdiri işləmişdir.
8. Əmim İslam Əliyevin bacanağı Qulu Qasımov (Qulu həkim) Ağdam rayon səhiyyə idarəsinin müdiri olmuşdur.
9. Xalamın həyat yoldaşı Hüseyn Hüseynov üzun müddət Ağdam rayon maliyyə idarəsinin müdiri işləmişdir.
10. Atamın yaxın qohumu Gündüz Axundov Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
11. Atamın ən yaxın dostu, qardaşım Oqtay Əliyevin kirvəsi Camal İsmayılov rayon üzrə tikinti bankının müdiri olmuşdur. Və sair...
İnşəallah, suyu quruyan arxdan bir də su axar...
 
Ailəliyəm. Həyat yoldaşım, Yeganə Ənvər qızı Qənbərova ağdamlı Baxış bəyin oğlundan olan nəvəsidir. Bizim iki oğlumuz var. İkisi də universitet bitirmiş, əsgər olmuş, Vətənin keşiyində dayanmışlar. Başqa cavanlarımız kimi onlar da özlərinə münasib iş tapa bilmirlər. Ayrıca evləri olmadığına görə, hələ ki, ailə qurmaq istəmirlər. Bu isə biz valideynləri çox əndişələndirir. İndi zəmanətsiz bu ölkədə vicdanlı insanların normal yaşaması qeyri - mümkündür. ALLAH bizlərə rəhm eləsin! Amin...
 
Mən, Adil İrşadoğlu (Əliyev) 1961 - ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuşam. 1971 - ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Orta məktəbdə oxumaqla yanaşı - 1968 - ci ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbinə də daxil olmuşam və 1972 - ci ildə həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. 1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə ( indiki BDU -ya ) daxil olmuş və 1977 - ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurmuşam. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə işləmişəm. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyimi nəzərə alaraq məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm - Leninizm Universitetinə siyasi təhsil almağa göndərmişdir. 1982 - ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşam. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişəm. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəməmişəm. Teleradio Verilişləri Komitəsində işlədiyim müddətdə 3000 - dən çox veriliş hazırlayıb efirdə göstərmişəm. 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişəm. 1 - ci Qarabağ müharibəsinin iştirakçısıyam. Cəbhədən hazırladığım verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.
Hazırladığım verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşəm. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyimə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 - ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşam. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığıma görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşəm. Məhsuldar və keyfiyyətli əməyimə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 - ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişəm. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyimə görə, "N" saylı hərbi hissə komandirinin 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşəm. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığım salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılmışam.
1980 - ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşam. 1980 - ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətimin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcum bilmişəm. Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişəm. 1997 - ci ildə bir sıra subyektiv amillərlə bağlı 20 il can qoyduğum dövlət teleşirkətində işləməkdən imtina etdim. İndi dənizdən sahilə atılmış balığa bənzəyirəm.
Teleşirkətdə işlədiyim zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazılarımla çıxış etmişəm. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, "De Fakto" qəzetinin yaradıcısı və ilk baş redaktoru, "Çempion"adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress"qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ"
qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşam. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm.
 Hazırda Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müaviniyəm. İctimai əsaslarla işlədiyimə görə, heç bir gəlirim yoxdur. ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...
 
Adil İrşadoğlu (Əliyev)
24.01.2011. (14-40)
E - mail : < Adil_Irshadoglu@mail.ru >
 

46
0
0
Yorum Yaz