AİLƏMİZ ÜÇÜN YADDAQALAN GÜNLƏRDƏN BİRİ...

2014-02-26 09:14:00
AİLƏMİZ ÜÇÜN YADDAQALAN GÜNLƏRDƏN BİRİ... |  görsel 1
                                                                    90 yaşın mübarək !
 
25 fevral tarixi ailəmiz üçün yaddaqalan günlərdən biridir.
 
Ulu babalarımın ləyaqətli davamçısı, elimizin, obamızın, ailəmizin ağsaqqalı, rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyevin doğum günüdür ( 25.02.1924 -- 13.03.1993 ).  90 illiyini onsuz qeyd etmək qismətimizdir. Allah rəhmət eyləsin, məkanı cənnət olsun, ruhu tezliklə şad olsun. Ruhu tezliklə ona görə şad olsun ki, onun Vətəninin bir hissəsi, əzizlərinin, ulu babalarının və nənələrinin, eyni zamanda özünün də qəbri düşmən tapdağı altındadır. Arzulayaq ki, qüdrətli Azərbaycan ordusu tezliklə işğal altındakı torpaqlarımızı erməni, rus təcavüzkarlarından təmizləsin, vətənimizin Qarabağ yarası sağalsın və xalqımız əminamanlığa qovuşsun.
  
Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev uzun müddət dövlət məmuru olub. Gözəl musiqi nümunələrini dinləməyi, şeyiri, ədəbiyyatı çox sevərdi. Qonaqpərvər insan idi. Evimiz həmişə qonaqlı - qaralı olub. Tədqiqatçı - alim, professor Şirməmməd Hüseynov, şair - publisist, professor Famil Mehdi, yazıçı - publisist, professor Qulu Xəlilov, yazıçı Nurəddin Babayev, tanınmış jurnalist və baş redaktor Həriman Zeynalov, tədqiqatçı - alim, uzun müddət Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş Akif Rüstəm oğlu Rüstəmov və başqaları ailəmizin ən əziz qonaqları idilər. 
Rəhmətlik atam Ağalar dayısınin oğlu rəhmətlik Famil Mehdinin şeyirlərinin əksəriyyətini əzbər bilirdi. Atamın ən çox sevdiyi şeyirlərdən ikisini sizə də təqdim  edirəm.
 
BİR DAHA DEMƏRƏM
 
Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda
Elin həm qışıyam, həm yazıyam mən.
 
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın
Dəli Kürüyəm mən, Arazıyam mən.
 
Dinlə "Çahargahı", eşit "Qatarı"
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı
Cabbarın, Seyidin avazıyam mən.
 
Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da.
Qədim Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.
 
Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm,
Bir daha demərəm tamarzıyam mən.
 
Famil Mehdi
 
--------------------
 
SUSMAQ QIZILDIRMI ?
 
Qəribə məsəldir...
Məntiqə bir bax !
Gümüşdür danışmaq, qızıldır susmaq.
Niyə özümüzü unutmuşuq biz,
Susmağı qızılla bir tutmuşuq biz ?!
Bəlkə dünyamızı yaraladılar,
Bölüb bir torpağı paraladılar,
Bəs onda necə ?
Bəlkə ədalətə güllə atıldı,
Bir xalqın mənliyi ucuz tutuldu,
Bəs onda necə ?
Hardasa körpələr öldü acından,
İgidlər asıldı dar ağacından,
Bəs onda necə ?
Bəlkə şər atıldı başqa birinə,
Yaş deyil, od qondu kirpiklərinə,
Bəs onda necə ?
Mələk donu geydi bəlkə iblis,
Bəlkə öz həddini aşdı karyerist,
Bəs onda necə ?
Bəlkə nə ürəyi, nə gözü doydu,
Bəlkə öz adını özgəyə qoydu,
Bəs onda necə ?
Əgər bacarırsan sus, danışma, döz !
Qorxuram ürəyin partlaya fəqət.
Qoy zərb - məsəl olsun əsrimdə bu söz :
 
Danışmaq qızıldır,
Susmaq cinayət !..
 
Famil Mehdi
 
--------------------
 
 

77
0
0
Yorum Yaz